Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.
Eləcə də bax: Fermerlərə yeni subsidiya qaydaları barədə – MƏLUMAT VERİLİR
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən xəbərə görə, yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50 146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19 515 nəfəri pambıq istehsalçısıdır. Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 525 500 subsidiya ödənilib.
19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
Ölkəmizin 30 rayonundan olan 3 382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1.4 milyon manat məbləğində dövlət subsidiyası alıb.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bu günədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 milyon manat subsidiya ödəyib.