Aqrar

Fermerlərə yeni subsidiya qaydaları barədə – MƏLUMAT VERİLİR 

Fermerlərə yeni subsidiya qaydaları barədə – MƏLUMAT VERİLİR  | FED.az
08:52 4 Avq 2020

Azərbaycanda fermerlərin yeni subsidiya qaydaları barədə  məlumatlandırılmasına başlanılıb. 

Eləcə də bax: Azərbaycanda “parnik”lər, soyuducu anbarları və taxıl elevatorları – Qeydiyyata Götürüləcək

FED.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi tərəfindən “Gəncə və Qazaxda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı maarifləndirilməsi” layihəsinin həyata keçirilməsinə başlanılıb. 

Layihənin məqsədi fermerlərin 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq edilən yeni subsidiya qaydaları və onlardan istifadə, eləcə də subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə (SİS) daxil edilməsi qaydaları ilə bağlı maarifləndirilməsidir. 

Layihə çərçivəsində SİS-dən istifadə qaydaları, fermerlər tərəfindən müraciətlərin elektron qaydada SİS-ə daxil edilməsi, həmçinin bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi, o cümlədən əkin, məhsul və toxum subsidiyalarının hesablanma qaydaları və müvafiq əmsallar, eləcə də heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi qaydaları ilə bağlı məlumat kitabçalarının və digər maarfləndirici materialların hazırlanması, çap olunması və fermerlərə paylanılması təmin ediləcək. Eyni zamanda SİS-də qeydiyyatdan keçmək və subsidiya ilə bağlı müraciətlərin onlayn formada təqdim edilməsi ilə bağlı izahlı video təlimatın hazırlanması nəzərdə tutulur.

Layihə barədə FED,az-a məlumat verən “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Ramil Abbasov bildirdi ki ölkə iqtisadiyyatının səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi aqrar sektorun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. 

O əlavə etdi ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün əlverişli şəraitin yaradılması məqsədilə mühüm tədbirlər həyata keçirilməkdədir. “Belə ki, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası” təsdiq edilmişdir. Sözügedən Fərmana əsasən yeni subsidiya qaydaları 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir”.

Ramil Abbasov bu mexanizmin effektiv tətbiqi üçün fermerlərə yeni qaydaların izahının və onların bu qaydalardan istifadə, o cümlədən subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” İnformasiya Sisteminə (SİS) daxil edilməsi prosesi üzrə maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.   

Digər xəbərlər