Sitrus meyvələri ilə məşhur Lənkəranda yeni məhsul olan hallabonq bağlarının sahəsi 100 hektara çatdırılıb. FED.az xəbər verir ki, Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.
Artıq bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb.
Hallabonq digər sitrus meyvələrindən dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.
Bir hallabonq meyvəsinin çəkisi 300-500 qram olur. Orta hesabla bir ağacdan 30-40 kiloqram, bir hektar sahədən isə 35-40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Aqronom Xaliq Talıbov bildirir ki, hallabonq ağacları ən yüksək məhsuldarlığa 10 yaşında çatır, onda hər ağac orta hesabla 200-250 kiloqram məhsul verir. Məhsulun xaricdə satış qiyməti kiloqram üçün 5-10 manat arasındadır. Artıq Rusiyaya satışı ilə bağlı müqavilələr bağlanılıb.
ELƏCƏ DƏ BAX: Nar satanların qazancı açıqlandı – MİLYONLARLA DOLLAR
Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur.
Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.
Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.
Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində Yaponiyada manarin sortlarının calaşdırılmasından alınıb. Lənkəranda əkilən hallabonq Koreyadan gətirilən növdür.