Əsasən tərəvəzçilik rayonu olan Masallıda intensiv sitrus bağları salınır.
Assosiasiya: "Bu il bəzi nar bağlarında məhsul xarab olub"
FED.az xəbər verir ki, rayonun Şərəfə kənd sakini fermer Rafət Abbasov bu il 6 hektar sahədə sitrus bağı salmağa qərar verib. Bağın salınması əkin qaydalarına və bütün aqrotexniki qaydalara tam riayət olunmaqla aparılır.
“Bu il qərara gəldim ki, dövlətin bizə göstərdiyi dəstəkdən yararlanım. Sitrus bitkilərinə, əsasən də naringi bağlarına verilən subsidiya dəstəyinə görə 6 hektar sahədə bağ salıram, mütəxəssislərdən də məsləhətlər almışıq. Qabaqcadan torpaqdan analiz götürülüb, damcı-suvarma sistemi qurulub, yəni intensiv üsulla əkin aparırıq. Hər hektara 650 ədəd naringi ağacı əkilir. Sahədə, ümumilikdə, 4000-ə yaxın ağac əkilir”, - deyə fermer bildirib.
Tinglərin zərərverici və xəstəliklərə qarşı dayanıqlı olması üçün kök hissəsi xüsusi hazırlanmış dərman məhlulunda isladılaraq əkilir. Bu da bitkinin sağlam inkişafını təmin edir. Əkindən qabaq torpağın aqrokimyəvi analizi aparılıb, qida maddələrinə, elementlərə olan ehtiyacı öyrənilib.
Bağ tam məhsula düşdükdən sonra bir ağac mövsüm ərzində 200-300 kiloqram məhsul verəcək. Məhsul həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub.
Son illər Masallıda 100 hektara yaxın intensiv sitrus bağı salınıb. Bunun əsas səbəbi dövlətin bu sahəyə dəstəyidir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Əziz Cankişizadə də rayonda sitrusçuluğun inkişaf etdiyini vurğulayıb: “Dövlətin sitrusçuluqla bağlı birdəfəlik subsidiya qərarına əsasən, 2021-ci ildə rayonumuzda 28 hektar, 2022-ci ildə 26 hektar, 2023-cü ilin yazında artıq 10 hektar, payızda da 20 hektardan artıq, yəni cəmi 85 hektar yeni salınmış sitrus bağlarımız var. Bu bağlara dövlət tərəfindən birdəfəlik subsidiya verilir. Sonrakı 4 il ərzində hər hektara görə 730 manat subsidiya məbləği ayrılır. Həmin pulun 75 faizi nağdsız ödənilir, 25 faizini isə nağdlaşdırmaq olur. Bu vəsaitlərin əsasən aqrotexniki qaydaların düzgün yerinə yetirilməsinə ayrılması tövsiyə olunur. Subsidiyanın verilməsində əsas şərt minimum bir hektarda 650 ədəd tingin olmasıdır, bir də müasir damcı suvarma sisteminin tətbiq edilməsidir”. (Azərtac)