Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyev şəxsi təsərrüfatında Özbəkistandan gətirilmiş yeni limon növü yetişdirir.
Daha bir rayonda intensiv sitrus bağı salınır
FED.az xəbər verir ki, bu limon növünü Z.Əliyev calaq üsulu ilə çoxaldıb. Yeni limon növünün meyvələrinin qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli iqlimə uyğundur.
Bu limon digərləri ilə müqayisədə, tərkibinə görə C vitamini ilə daha zəngindir. Buna görə də Zəbiəli Əliyev növbəti illərdə təsərrüfatında yeni limon növünü daha da artırmağı və satışını təşkil etməyi planlaşdırır: "Özbəkistanda əsgər yoldaşım var. 1994-cü ildə onlara qonaq getmişdim. Özbək dostum mənə onun həmyerlisi olan bir nəfərin sitrus meyvələri becərdiyini dedi. Xahiş etdim ki, məni həmin adamla tanış etsin. Biz həmin adamın evinə getdik. Həyətə girəndə orada olan limon ağaclarını və üzərindəki iri meyvələri gördüm. Birinci dəfə idi elə limon görürdüm. İlk baxışdan inanmadım, meyvənin dadına baxandan sonra limon olduğuna əmin oldum. Təsərrüfat sahibindən limon ağacının tingindən aldım. Evimizə qayıdan kimi o tingləri əkdim və təxminən bir ildən sonra ağaclar bar verməyə başladı. Daha sonra tinglər vasitəsilə bu ağacı çoxaltmağa başladım", - deyə o bildirir.
Zəbiəli kişi bu ağacların ilboyu bar verdiyini deyir: "Yerli limon sortları ildə 1 dəfə bar verir, bu ağacda isə limonu dərdinsə, bir müddət sonra yenidən çiçəkləyir və meyvə yetişir. Özbək limonunun ən balacası 500, ən böyüyü isə 900 qramdır. Bəzən daha böyük olur. Qiyməti də ölçüsünə görə dəyişir. Yerli limonların birinin qiyməti 35-50 qəpik arası dəyişirsə, bu limon 2-3 manatdır. Bəslənməsində və qulluğunda isə fərq yoxdur. Yerli limon ağacına necə qulluq edilirsə, bu ağac da elədir".
Onun sözlərinə görə, təsərrüfatında yetişdirdiyi ən böyük limonun çəkisi hətta 1 kiloqram 200 qrama da çatıb.
Limonun qabığına əl vurduqda, limondan spesifik iy hiss etmək olur. Bu da limonun tərkibində efir yağının miqdarının və C vitamini ilə zəngin olmasını göstərir.
Təsərrüfat sahibi deyir ki, bu limonun yerli limonlara nisbətən dadında və tərkibində fərq olur: "Bu limon sortu yerli limonlardan fərqli olaraq daha turş olur. Amma buna baxmayaraq, tərkibində qiymətli maddələr çoxdur. Yəni, bu limon qan təzyiqi və şəkəri olan insanlara daha tez təsir edir. Ümumiyyətlə, qalın qabıqlı limonlar digər limonlardan daha çox vitaminli olur". (Azərtac)