Çikaqo Birjasında buğdanın qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxaraq, buşeli 10 dolları keçib (1 buşel = 35,2 kq).
FED.az xəbər verir ki, bu artımın onsuz da yüksək olan qlobal ərzaq qiymətlərinə daha da təsir edəcəyi gözlənilir.
Ən əsas qida məhsullarından olan buğda ötən ay 30 faizdən çox bahalaşıb.
Dünya buğda ixracının 25 faizindən çoxu və qarğıdalı ixracının beşdə biri Rusiya və Ukraynanın payına düşür. İki ölkə arasında müharibə ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi də taxıl bazarında çaşqınlıq yaradıb. İdxalçılar satınalma üçün bu 2 ölkədən başqa ölkələrə üz tutublar.
Dünyanın ən böyük kənd təsərrüfatı məhsullarının emalçısı olan "Archer Daniels Midland "və kənd təsərrüfatı məhsulları ticarəti şirkəti "Bunge" kimi şirkətlər bölgədəki fəaliyyətini dayandırıb.
Digər tərəfdən, qarğıdalı qiymətləri gündəlik 10%-dən çox artaraq 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Palma yağının qiymətləri də quraqlıq və işçi qıtlığı kimi müxtəlif amillərə görə rekord səviyyələrdədir. (Marja)