Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40% azaldıb.
Eləcə də bax: Sanksiya xəbərləri ilə buğda qiymətləri daha da - YÜKSƏLİB
FED.az xəbər verir ki, bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.
"Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz orada rublla satılır, daha sonra əldə olunan gəlirlər ABŞ dolları formasında Azərbaycana qayıdır. Hazırda isə Rusiyada 1 dollar 110-120 rubla bərabərdir. Bu da o deməkdir ki, potensial gəlirlərimizin təxminən 40%-dən məhrum olmuşuq. Üstəlik Rusiya banklarının məlum vəziyyətə görə həmin pulu Azərbaycana köçürüb-köçürməyəcəkləri sual altındadır. Odur ki, ixracatçıların dövlətin dəstəyinə eytiyacı var. Dəstək mexanizmləri bütün dünyada sahibkarlara aylıq, kommunal, istehsal xərclərinin ödənilməsi üçün müxtəlif formalarda maddi yardımlardan ibarət olur”, - deyə o, qeyd edib.
Bundan başqa, B.Quliyevin sözlərinə görə, son günlər meyvə-tərəvəzin Rusiya bazarlarına çatdırılması da çətinliklərlə müşaiyət olunur: "Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz qonşu ölkənin sərhədində qalıb. Rusiyaya girişdə böyük tıxaclar var. Fevralın 14-dən yüklənmiş maşınlar o tərəfə keçə bilməyib. Rusiya sərhədində maşınların keçmə sürəti çox aşağıdır, gün ərzində az sayda maşın buraxırlar. On gün tıxacda qalan maşınlar var. Rusiyadan Azərbaycana qayıdan maşınların da böyük tıxacı yaranıb”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə 5,7% çox - 641,6 min ton meyvə-tərəvəz ixrac edib. Ötən il bu məhsulların ixracından əldə olunmuş gəlir əvvəlki illə müqayisədə 3,7% çox - 630,4 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında isə Azərbaycan 43 805 ton meyvə-tərəvəz ixrac edərək 52,8 milyon dollar gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,3% və 42,5% çoxdur. (Report)