- Ayaz müəllim, “Elektron Aqrolizinq sistemi” layihəsinin əsas mahiyyəti nədən ibarətdir?
- “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin “İnformasiya və elektron xidmətlər” şöbəsinin əsas funksiyalarına aqrar sahədə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, elektronlaşma sahəsində təhlillərin aparılması, aqrar sahədə biznes proseslərinin elektron və rəqəmsal müstəviyə keçirilməsi daxildir. Bundan başqa funksiyalarımız arasında elektron sistemlərin yaradılması və inkişaf etdirilməsi, yeni yanaşmaların tətbiqi və təşviqi, elektron sistemlər vasitəsilə məlumatların toplanması və analizlərin aparılması, elektron xidmətlərin formalaşdırılması və təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırılması və innovativ inkişaf etdirilməsi də var.
ELƏCƏ DƏ BAX: Zəhməti az, gəliri çox olan aqrar biznes: KƏKLİKOTU TARLASI
Eyni zamanda İnformasiya və elektron xidmətlər şöbəsinin fəaliyyətinin əsas prisnipləri aqrar sahədə lizinq əməliyyatları üzrə biznes proseslərin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırmaq, şəffaflığı təmin etmək, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etməkdir.
- “Aqrolizinq” ASC hal-hazırda hansı xidmətlər üzrə elektronlaşdırma işləri tamamlayıb?
- Əsasən kənd təsərrüfatı texnikalarının, damazlıq heyvanların lizinqi, kənd təsərrüfatı texnikalarına güzəştin tətbiqi kimi elektron xidmətlər tamamlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Əlavə olaraq mineral gübrələrin 70 faiz güzəştlə satışı tam olaraq elektron qaydada aparılır. Xidmətlərdən istifadə etmək üçün vətəndaşlar elektron hökumət portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin xidmətləri bölməsinə daxil olaraq qeyd olunan xidmətlərdən istifadə edə bilərlər. Qeyd etmək istəyirəm ki, burada “Aqrolizinq” fermerlərə xüsusi yanaşır. “Elektron hökumət” portalı ilə razılaşma əsasında vətəndaşları “Elektron Hökumət” portalında qeydiyyatdan keçirə bilərik. Nəticədə fermer həm bizim, həm də “Elektron hökumət” portalında olan digər dövlət qurumlarının xidmətlərindən yararlana bilər.
- Bu layihəni dövlət qurumu və fermer münasibətlərində yeni, elektron platforma hesab etmək olarmı?
- "Aqrolizinq AİS" informasiya sisteminin yaradılması 2014-ci ildən prioritet vəzifə olaraq qurumun fəaliyyətinin ana xəttinin təşkil etmişdir. Fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qurumu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Mərkəzi Aparatda ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuş İT infrastrukturu yaradılmışdır. Cəmiyyətin İnformasiya Texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir. Habelə "Aqrolizinq AİS" informasiya sisteminin əsas komponentləri də təkmilləşdirilir. Məlumatların toplanması, təmizlənməsi, saxlanılması və vahid verilənlər bazası yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı fəaliyyətimizi çevik bir modelə çevirir. Məlumat sistemi daxil edilən məlumatın mötəbərliyini təmin etmək məqsədi ilə, İAMAS. AVİS. E Gov sistemləri ilə inteqrasiya edilmişdir. Ödənişlərin avtomatlaşdırılması məqsədi ilə “Asan Ödəniş” sistemi ilə inteqrasiya tamamlanmışdır.
- Ayaz müəllim, qeyd etdiniz ödəniş sistemləri ilə bağlı görülmüş işlər nədən ibarətdir?
- Qeyd etdiyim kimi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair ödənişlərin daha rahat və asan şəkildə ödənilməsi məqsədi ilə “Asan Ödəniş” sistemi ilə inteqrasiya aparılmışdır. Burada xüsusi ilə qeyd etmək istəyirəm ki, Asan Ödəniş sistemi ilə aparılan isteqrasiyanın nəticəsi olaraq bizim xidmətlər görə, fermerin “Aqrolizinq” ASC qarşısında öz öhdəliklərini ölkə üzrə bütün Emanat, MilliÖn ödəniş terminallarında və Asanpay.az, E-pul.az, Potrmanat.az saytları vasitəsi ilə rahat şəkildə yerinə yetirə bilər. “Aqrolizinq” ASC-nin rayon filialları rayon mərkəzindən kənarda yerləşir və hər dəfə fermerlər bizim xidmətlərdən yararlanarkən ödəniş etmək üçün kifayət qədər məsafə qət edərək banklara getməli olurdular. Hal-hazırda filliallarda əlavə olaraq ödəniş terminallarının quraşdırılması üzrə işlər aparılır və artıq 17 rayon üzrə işlər tamamlanıb. Bu da öz növbəsində fermerə imkan yaradır ki, vaxt itkisi olmadan, uzun növbə gözləmədən, filialdan ayrılmadan ödəniş edib məhsulu əldə edə bilsin.
- Aqrotexniki xidmətlərin göstərilməsi üçün fermerlərin texnika ilə rahat təminatında hər hansı bir işlər görülürmü?
- Bəli, bu çox aktual bir mövzudur. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, aqrotexniki xidmətlərin göstərilməsi zamanı fermerlərin kənd təsərrüfatı texnikalarına dair tələbatın təmin edilməsi üçün “Aqrolizinq”in müvafiq şöbələri tərəfindən təxirə salınmaz işlər aparılır və real vaxt rejimində onlara dəstək göstərilir. Xüsusi qruplar yaradılaraq yerlərə ezam edilir, Çağrı Mərkəzi və qurum daxilində “Qaynar xətt” fəaliyyət göstərir. Bunlarla yanaşı ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək məqsədi ilə, yeni innovativ bir layihə üzərində işlər aparılır. Layihənin məqsədi əsasən vahid mexanizator reyestrinin formalaşdırılması, fermer mexanizator münasibətlərinin elektronlaşdırılmasıdır. Burada məsələ nədən ibarətdir? Təsəvvür edin ki, bir fermerin 5 hektar yeri var və ona aqrotexniki xidmət göstərilməlidir. Həmin fermer mobil aplikasiya vasitəsi ilə sistemə daxil olaraq ölkə üzrə mövcud texnika və mexanizatorlar üzrə axtarış verir və qeyd etdiyi axtarış parametrləri üzrə ona vahid bir sistemdən məlumatlar təqdim edilir. Növbəti mərhələdə sistemdə şərtlərə tanış olaraq sifarişi formalaşdırılır. Bu bir növ taksi sifarişinə bənzəyir. Biz düşünürük ki, əgər vətandaş taksi sifarişi verirsə, niyə fermer, məhsul istehsalçısı traktor və ya kombayn sifariş verə bilməsin?
- Yeni sistem innovativ yeniliklərin kənd təsərrüfatına tətbiqinə nə dərəcədə təsir göstərəcək?
- Ümumiyyətlə, “Aqrolizinq Avtomatlaşdırılmış İnformasiya Sistemi”nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə və ən əsası şəffalığın təmin olunmasına xidmət edir. Elektron mühitə əsaslanan idarəetmənin tətbiqi isə bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.