Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.
Azərbaycandan xaricə satılan pambıq 2 qat azalıb - QİYMƏTİ KƏSKİN UCUZLAŞIB
FED.az xəbər verir ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2023-cü ildə rayonda 3770 hektarı “Azərpambıq” MMC, 4392,4 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2400 hektarı “P-Aqro” MMC, 930,3 hektarı digər şirkətlərlə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 54 ədəd kombayn, 134 ədəd traktor, 306 ədəd qoşqu, 15 ədəd yükləyici, 35 ədəd çiləyici cəlb edəcək. Bu mövsüm rayon üzrə 40 min tondan çox pambıq istehsalı gözlənilir. (Azərtac)