2023-cü ilin yanvar-may aylarında Azərbaycan xaricə 68,8 milyon dollar dəyərində pambıq ixrac edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə aşağıdır.
Azərbaycanda pambıq ixracının azalmasının səbəbləri - AÇIQLANDI
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən pambıq ixracı 148,4 milyon dollar idi.
Komitənin məlumatından məlum olur ki, azalma nəticəsində pambığın ölkədən ümumi ixracda payı da kəskin aşağı düşüb – ötən il pambıq ölkədən ixracın 1%-ni təşkil edirdisə, bu il həmin göstərici 0,43%-ə düşüb.
Amma azalan təkcə pambığın həcmi deyil. Azərbaycandan xaricə ixrac olunan pambıtın qiyməti də kəskin azalıb.
Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında ölkədən xaricə 27,1 min ton pambıq lifi göndərilib, bunun ümumi dəyəri 50,4 milyon dollar olub. Yəni pambıq lifinin hər tonu xaricə 1860 dollardan satılıb.
Eyni dövrdə Azərbaycandan xaricə 5 min 120 ton pambıq ipliyi satılıb, ümumi dəyəri 15,3 milyon dollar olub. Yəni pambıq ipliyinin hər tonu xaricə 2993 dollardan satılıb.
Bu qiymətlər ötən illə müqayisədə 30-40% aşağıdır.
Belə ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan xaricə 54 min ton pambıq lifi ixrac edilmişdi, onun ümumi dəyəri 125,3 milyon dollar olmuşdu. Yəni ötən il pambıq lifinin tonu 2321 dollar olub.
Eyni dövrdə ölkədən xaricə 5 262 ton pambıq ipliyi ixrac edilmişdi, ümumi dəyəri 22 milyon dollar olmuşdu. Başqa sözlə pambıq ipliyinin hər tonu xaricə 4192 dollardan ixrac edilmişdi. Başqa sözlə, pambıq ipliyinin ixracı həcm baxımından demək olar ki, dəyişməsə də, məbləğ baxımından 1,4 dəfə azalıb.
Beləliklə, xaricə ixrac edilən pambıq lifinin qiyməti ötən illə müqayisədə 25%, pambıq ipliyinin qiyməti isə 40% ucuzlaşıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.