Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy” və “Fədai” kimi tezyetişən sortları yığılır.
Xaçmaz bağlarında məhsul 30-40 faiz artıb - Fındıq emalı fabrikləri də açılıb - FOTOLAR
FED.az xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin satış qiyməti də təsərrüfatçıları qane edir. Şaftalının bir kiloqramı 70 qəpik - 1,5 manata satılır.
Xaçmazda yığılan şaftalının böyük hissəsi qonşu Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Rayonun Çiləgir kəndindən olan təsərrüfatçı Əliheydər Yusifov bildirir ki, bir hektar şaftalı bağı var və 3-4 gündür yığıma başlayıb. “İndi “Zalatoy” sortunu toplayırıq. Bu şaftalının hər kiloqramını bizdən yerində 0,7 - 1 manata alırlar. “Fədai” sortunu isə 1 - 1,5 manata alırlar. Yığılan məhsullar əsasən yerli və Rusiya bazarlarında satılır. Məhsuldarlıq ötən illə müqayisədə yaxşıdır. Məhsula tələbat da var. Qiyməti də sərfəlidir”, - deyə Ə.Yusifov söyləyib.
Rayonda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.
Xaçmaz ərazisində, ümumilikdə, 3 min hektara yaxın şaftalı bağı var. Həmin bağlardan 900 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7-8 min ton şaftalı toplanır. (Azərtac)