Rusiyada may ayında baş verən anomal soyuqlar ölkənin cənubundakı meyvə-tərəvəz sahələrini vurub, nəticədə fermer və təsərrüfatlar bu sahələrdən gözlədikləri qədər meyvə ala bilməyəcəklər.
FED.az xəbər verir ki, belə vəziyyətdə Rusiyanın ticarət şirkətləri xarici ölkələrdən, o cümlədən Azərbaycandan meyvə-tərəvəz alışını bu il daha da artıracaqlar.
Rusiyada "Pyateroçka", "Perekrestok" və "Çijik" mağazalarını idarə edən «X5» ticarət şəbəkəsi may şaxtaları səbəbindən xarici ölkələrdən meyvə-tərəvəz idxalını bir qədər də artıracaq.
Buna səbəb şaxta nəticəsində gözlənilən məhsuldarlığın aşhağı olmasıdır. Bu barədə şirkətin prezidenti Yekaterina Lobaçeva məlumat verib. "May ayında görünməyən hava şəraiti və soyuqlar nəticəsində Rusiyada gözləniləndən daha az meyvə-tərəvəz istehsal ediləcək. Biz bura əvvəlcədən hazırlaşırıq və indidən müəyyən edirik ki, xaricdən nə qədər məhsul idxal edəcəyik»-deyə bildirib.
«X5»in prezidenti bildirib ki, Rusiya şirkəti yaranmış vəziyyətlə əlaqədar olaraq qonşu ölkələrdən – Azərbaycan, İran və Özbəkistandan idxalı artıracaq: «Biz böhrana yol verməmək üçün bu ölkələrdən meyvə-tərəvəz idxalını artıracağıq». Bura alma, pomidor və sair bitkilər aiddir.
Qeyd edək ki, mayın 10-20 arasındakı müddətdə Rusiyanın müxtəlif ərazilərində anomal şaxtalar baş verib. Temperatur mənfi 1-5 dərəcəyə enib. Kursk vilayətində çoxsaylı meyvə-tərəvəz əkinləri məhv olub. Rostov vilayətində isə soyuqlar 140 min hektara zərər vurub.
Artıq Rusiya tərəfi hökumət səviyyəsində də elan edib ki, şaxtanın vurduğu məhsulları, o cümlədən almaları Azərbaycandan idxal edilən meyvələr əvəz edəcək.
Belə ki, Rusiyada kəskin aşağı düşən alma istehsalı Azərbaycandan idxal edilən alma ilə kompensasiya ediləcək. Bu barədə Rusiyanın aqrar sahəyə nəzarət edən qurumunun «Rosselxoznadzor»un sədr müavini Anton Karmazin bildirib. Onun sözlərinə görə, hazırki vəzhiyyətlə əlaqədar olaraq Rusiya Kənd təsərrüfatı nazirliyi alma tədarükünün azalacağını proqnoz edir. Karmazin bildirib ki, Rusiya almanı Azərbaycandan başqa, Belarusdan, Ermənistandan, Türkiyə, Serbiya və Dnestryanı ərazidən alır.
Ümumiyyətdə məmurun sözlərinə görə, hər il xaricdən Rusiyaya 12 milyon ton müxtəlif meyvə tərəvəz idxal edilir.
Baş verənlər nəticəsində Rusiyada meyvə tərəvəzin bu il əvvəlkindən daha baha olması gözlənilir. Bunlardan biri də albalıdır. Son məlumatlara görə, Rusiyanın müxctəlif ərazilərində albalının kiloqramının qiyməti 600-1000 rubl (6,3-9 dollar) arasında dəyişir.
Belə ki, albalının kiloqrası Yakutiyada 1000 rubl, Kalininqradda 650 rubl, Krasnodarda ən ucuz albalı 500 rubl, Moskvada 700, Sankt-Peterburqda 600 rubl qiymətədir.
“Qiymətlər xeyli artıb. Bunu bizə onunla əsaslandırırlar ki, təkcə nəqliyyat xərcləri deyil, şaxtalar var idi. Məhsul azdır, ona görə də qiymətlər bahadır”, - satıcılar bildirir.
Eyni vəziyət çəyələkdə də müşahidə edilir. Rusiyanın cənubunda çiyələklərin qiyməti 250 rubldan başlayır. Moskva və Sankt-Peterburqda iki dəfə bahadır - 500-dən. Yakutiyada kiloqramın qiyməti 700 rubldan, eyni qiymət Kalininqradda, Novosibirskdə - demək olar ki, 1000 rubldur.
“Bu mövsüm üçün qiymət artımı təxminən 20-30% təşkil edib. Bu, maya dəyərinin özünün artması ilə bağlıdır. Giləmeyvə yetişdirilməsi ilə bağlı hər şey bahalaşıb. Üstəlik çatdırılma qiymətləri qalxıb. Logistika məsələləri çox mürəkkəbləşib” deyə Rusiyanın Berry İttifaqının rəhbəri İrina Koziy izah edib.
Şaxtaların çatmadığı Rusiya bölgələri soyuq hava səbəbindən itirilmiş məhsulu qismən kompensasiya edə biləcəklər. Bu, Krım, Dağıstan, Stavropoldur. Hazırda Kabardin-Balkarda çiyələk yığılır. "Asiya" və "Suriya", "Alba" və "Brilla": burada təxminən 10 növ yetişdirilir. Və "Jolie" çeşidi xüsusi bal dadına görə kral giləmeyvə adlanır.
Rusiya tərəfi, artıq elan edildiyi kimi, çatışmayan meyvələri Belarus, Ermənistan, həmçinin Serbiya və Türkiyədən alacaq. Azərbaycanda məhsul yenicə yığılır, bura alma, albalı, çiyələk, həmçinin qarağat, xurma, moruq və sair aiddir.
Bütün Birlik ölkələri arasında ən ucuz çiyələk Azərbaycandadır – kiloqramı 105 rubl, albalı isə 158 rubl, Tacikistanda çiyələk 160 rubl, albalı isə 160 rubldur. Özbəkistanda qiymətlər Rusiyanın orta qiyməti ilə demək olar ki, eynidir: çiyələk – 496 rubl, albalı – 430. Ən bahalı giləmeyvə Qazaxıstandadır: albalı – 877 rubl, çiyələk – 565 rubl.
Moldovada çiyələk və gilas 253 rubl, Ermənistanda gilas və çiyələk 300 rubldur. Qırğızıstanda çiyələk – 200 rubl, albalı – 300. Belarusiyada çiyələk – 336 rubl, albalı – 840 rubl.
Ümumiyyətlə rəsmi məlumatlara görə, şaxtalar nəticəsində Rusiyanın bütün ərazilərində 830 min hektar əkin məhv olub. Bu ölkədəki bütün əkinlərin 1%-dir. Məsələnin daha xoşagəlməz tərəfi odur ki, zərər çəkən sahələrin bir hissəsi çox illik bitkilər, meyvə bağlarıdır. Onların bərpası uzun müddət və böyük xərc tələb edir.