FED.az xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun ölkəmizdə arıçılıq sahəsində mövcud vəziyyət, bu sahənin inkişaf perspektivləri və digər məsələlərlə bağlı müahibəsini təqdim edir:
Yağıntılı hava arıçılığa ziyan vurub - Məhsuldarlıq 60 faizdən də aşağı olub - VİDEO
- Bədrəddin müəllim, bu il Azərbaycanda arıcılıq sahəsində məhsuldarlıq necədir? Ölkədə nə qədər bal istehsal edilib?
- Ümumilikdə ölkədə bu il arıcılıq sahəsində məhsuldarlıq aşağıdır. İndiyədək 3000 tona yaxın bal istehsal edilib. Keçən il istehsal göstəricisi 7000 tona yaxınlaşmışdı. Amma hələ ilin sonuna qədər də vaxt var. Dağlıq ərazilərdə avqust ayının 20-nə qədər arıların bal verən vaxtıdır. Bu il keçən ilki məhsuldarlıq göstəricisinin 50-70 faizinin olacağı gözlənilir. Səbəb isə yay boyu havaların çox yağmurlu və sərin keçməsidir ki, bu da sonda bal məhsuldarlığına təsir edir.
- Məhsuldarlığın aşağı olması daxili tələbatın ödənilməsinə necə təsir göstərəcək?
- Azərbaycanın il ərzində təxminən 6000 ton bala tələbatı olur. Bu il daxili tələbatın ödənilməsində yerli istehsalla yanaşı, idxal məhsullarının da əhəmiyyətli payı olacaq.
- Azərbaycana idxal edilən bal ümumi bal bazarının necə faizini təşkil edir?
- Bugünə qədər idxal olunan bal ölkəmizin ümumi bal bazarının çox az faizini təşkil edirdi. Bu göstərici 5 faizdən çox olmayıb. Amma ola bilər ki, bu il idxal olunan balın daxili bazardakı payı 20 faizədək artsın. Azərbaycana Rusiya, Ukrayna, Türkiyə və İrandan bal idxal edilir. Amma Ukraynada baş verən hadisələrlə əlaqədar daşınmada problem yarandığından oradan ölkəmizə hazırda bal idxal edilmir.
- İdxal həcminin daha çox hansı ölkələrin balının hesabına artacağı gözlənilir?
- Ola bilsin ki, bu, Rusiya olsun. Son vaxtlar Azərbaycana Qırğızıstandan da bal idxal olunur. Buna görə Qırğızıstandan da idxal olunan balın həcminin artacağı gözlənilir.
- Məhsuldarlığın aşağı olması qiymətin bahalaşmasına səbəb ola bilər?
- Məncə, xeyr. Bal 10 il əvvəl də 20-25 manata satılırdı, indi də belədir. Azərbaycanda bal məhsuldarlığının azaldığı illər olub, amma qiymət bahalaşmayıb. Səbəb də odur ki, bal Azərbaycanda gündəlik tələbat malı deyil. Respublikamızda hər nəfərə düşən illik istehlak səbətində balın miqdarı 0,5 kq (500 qram) təşkil edir. Bu, dünyada orta istehlak göstəriciləri ilə müqayisədə aşağıdır. Balın qiyməti artarsa, insanların alıcılıq qabiliyyəti azalar. Ötən illərdə belə hallar yaranıqda bal bazarı idxal malları ilə təmin edilib.
- Bu il bal məhsuldarlığı daha çox hansı ərazilərdə aşağı düşüb?
- Havaların yağmurlu və soyuq keçməsi ilə əlaqədar daha çox dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu, Aran rayonlarında isə bal istehsalı pis olmayıb.
- Əlverişsiz hava şəraiti arı ailələrinin sayının azalmasına təsir göstərib?
- Xeyr, arı ailələri öz gücləri ilə işləyirlər. Arıçılar arı ailələrinin davranışlarına nəzarət edirlər. Bugünün əsas vəzifəsi arı ailələrinin qorunmasıdır. Arıçılar gələn ilin məhsuldarlığının çox olacağına ümid edirlər. Ona görə də hər bir arıçı arılarına qarşı çox diqqətlidir. Ölkədə arı ailələrinin sayı azalmır, əksinə, artır. Arı ailələrinin sayının artırılması ilə bağlı müxtəlif layihələr də həyata keçirilir. Sərhədboyu və digər bölgələrdə aztəminatlı ailələrə arı ailələri paylanılır. Bu da arı ailələrinin sayının artmasına dəstək olur.
- Bu il işğaldan azad edilmiş ərazilərdə nə qədər bal istehsal edilib?
- Bu il həmin ərazilərə daha çox - 40 minə yaxın arı ailəsi köçürülüb. Havanın soyuq, yağmurlu keçməsi ilə əlaqədar hələ ki, orada da bal süzülməyib. Avqust ayında azad edilmiş ərazilərdə məhsuldarlığın necə olacağı bilinəcək.
- Azərbaycanda ümumilikdə istehsal edilən balın necə faizi ixrac edilir? Azərbaycan balı hansı ölkələrə ixrac edilir?
- Çox az miqdarda Azərbaycan balı ərəb və körfəz ölkələrinə, Yaponiyaya ixrac edilir. İxrac həcmi ümumilikdə 5 tonu keçmir. Yeni ixrac istiqamətlərinin açılması üçün hər zaman tədbürlər görülür, araşdırmalar aparılır. Ümumilikdə ixrac həcminin artırılması, Azərbaycan balının xaricdə tanıdılması üçün daim beynəlxalq sərgilərdə iştirak etmək lazımdır. Azərbaycan balını dünya bal bazarında tanıtmaq üçün kompleks işlər görmək lazımdır. Azərbaycan balının reklama ehtiyacı var. Bölgələrdə çəkilişlər aparmaq, reklam çarxları hazırlamaq lazımdır. (Vergilər.az)