Yanvarın 11-dən 13-dək paytaxtda ilin çoxdan gözlənilən ən böyük tədbiri - “Bakı Qəhvə və Çay Festivalı” (“Baku Coffee & Tea Festival”) baş tutacaq.
FED.az xəbər verir ki, festivalın rəsmi səhifəsində olan məlumata görə, üçgünlük festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.
Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək “World Barista Championship” (“Dünya Barista Çempionatı”) təmsil edəcək.
Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün brew bar, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.