Aqrar Sığorta Fondu respublikanın regionlarında taxıl (buğda və arpa) sahələrinin sığortalanmasına həsr olunmuş video-çarx hazırlayıb (https://youtu.be/cpqkwx3_Ui4).
Eləcə də bax: Payızlıq taxıl sahələrini sığortalamaq neçəyədir? – YENİ MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, video-çarxda ölkənin ayrı-ayrı bölgələrində 1 hektar taxıl sahəsinin sığortalanması üçün fermerlərin ödəyəcəyi məbləğlər sadalanır.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahələrinin sığortalanması üçün sığorta haqları hesablanarkən əkin sahəsinin yerləşdiyi region, məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınır.
Video-çarxda göstərilən rəqəmlər ölkə üzrə orta göstəricilərə əsasən hesablanıb və 1 hektar sahənin sığortalanması üçün fermerin ödəyəcəyi məbləği əks etdirir.
Fermerlər və təsərrüfat sahibləri əkin sahələri üzrə sığorta haqqını Aqrar Sığorta Fondunun internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik sığortası üzrə kalkulyator» vasitəsilə özləri də sərbəst şəkildə hesablaya bilərlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə «Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya Qaydaları»na dəyişiklik edilib. Yeniliyə əsasən 7 bitki növü, o cümlədən buğda və arpa üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər.