Bu ilin 12 ayı ərzində Azərbaycan Gürcüstandan 18 milyon 88 min dollar dəyərində 177 min 583 baş diri qoyun idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstandan qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 215 min dollar və ya 14%, miqdar ifadəsilə isə 18 min 154 baş, başqa sözlə 11,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Gürcüstandan 15 milyon 873 min dollar dəyərində 159 min 429 baş diri qoyun gətirilmişdi.
Bu ilin nəticələrinə görə Gürcüstandan idxal edilən bir baş qoyunun orta idxal qiyməti 101,9 dollar (təxminən 173,2 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 99,6 dollar (təxminən 169,3 manat) idi. Bu da illik müqayisədə 2,3 dollar (3,9 manat) və ya 2,3% bahalaşma deməkdir.
Gürcüstan ümumi idxalda sayca 57,9%, dəyərcə isə 54,8% payla Azərbaycanın əsas diri qoyun tədarükçüsü olaraq qalır.











