Uzun illərdir cənub bölgəsində sitrusçuluqla məşğul olan təcrübəli bağban Zəbiəli Əliyev naringi portağal, limon kimi müxtəlif sitrus növləri yetişdirir. Lakin yetişdirdiyi sitrus meyvələri arasında ən çox maraq doğuran armudvari limondur. Bu limon qeyri-adi forması, xüsusi dad xüsusiyyətləri ilə seçilir və son illər bölgədə böyük marağa səbəb olub.
Yığıma başlanıldı - Qiyməti 1-1,50 manat arasıdır - Bayramda arta bilər - FOTOLAR
FED.az xəbər verir ki, Zəbiəli Əliyev armudvari limonu bir neçə il əvvəl xaricdən məhdud sayda gətirərək əkib. O, ilk ağaclardan məhsul aldıqdan sonra bu sortun nə qədər fərqli və diqqətçəkən olduğunu görüb.
“Afrikadan gətirilib. İlk dəfə bu limonu görəndə onun qeyri-adi forması qəribə gəldi. Armud kimi uzunsovdur – yuxarı hissəsi daha nazik, alt tərəfi isə bir qədər enli. Marağıma səbəb oldu və calaq yolu ilə çoxaltmağa başladım. Əvvəlcə bir-iki tinglə başladım, sonra gördüm ki, məhsulu da keyfiyyətlidir. Buna görə tədricən sayını artırdım”, - deyə Zəbiəli kişi bildirir.
Onun sözlərinə görə, bu sort həm də şaxtaya davamlıdır.
Bağban bir neçə ildir ki, tinglərin satışını da edir. Deyir ki, ildə təxminən 400-ə yaxın ting satır. Alıcıların çoxu da bu limonun ağacını onun meyvəsinin formasına görə alır. Bir ağacdan orta hesabla 40 kiloqram meyvə yığmaq olur. Dadı da özünəməxsusdur: həm şirəlidir, həm də ətirli. “Mən uzun illərdir limon yetişdirirəm, amma bu sortun dadı tamam başqa cürdür”, – deyə o vurğulayır.
Yeni limon sortu cənub bölgəsi üçün yeni olsa da, onun becərilmə texnologiyası elə də çətin deyil. Düzgün suvarma, günəş şüası və torpaq seçimi olduqdan sonra armudvari limon digər sitrus növləri qədər məhsuldar ola bilir.
Hazırda armudvari limon ağacları hələlik az saydadır. Bunun əsas səbəbi sortun yeni olması və tinglərin məhdud miqdarda gətirilməsidir. Lakin bağbanların fikrincə, növbəti illərdə bu sortun bölgədə geniş yayılması gözlənilir. Tələbatın çox olması bağ sahiblərini daha böyük ərazilərdə əkini genişləndirməyə həvəsləndirir. (Azərtac)
















