Bir neçə gündür Astaranın sitrus bağlarında kinkan yığımına başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bildirirlər ki, mövsümün əlverişli keçməsi kinkanın məhsuldarlığına müsbət təsir göstərib. Onların sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə daha yüksəkdir.
"1 hektar meyvə bağı 1 hektar taxıl sahəsindən daha çox gəlir gətirir"
FED.az xəbər verir ki, kinkan bağlarında yığım prosesi intensiv şəkildə davam edir. Fermerlər bildirirlər ki, əldə olunan məhsulun böyük hissəsinin həm daxili bazara, həm də paytaxt bazarlarına göndərilməsi nəzərdə tutulur. Onların fikrincə, tələbatın yüksək olması satışın da əlverişli olacağını göstərir.
Bağ sahibi Pakizə Məmmədova deyir ki, yığıma bir neçə gündür başlayıblar və proses mart ayına kimi davam edəcək: “Bir neçə gündür bağımızda kinkan yığımına başlamışıq. Bu il məhsul bol olub, həm keyfiyyəti yaxşıdır, həm də ötən illə müqayisədə daha çoxdur. Hava şəraiti də bizim üçün əlverişli oldu, ona görə ağaclar yaxşı bar verib. Yığım prosesi mart ayına qədər davam edəcək. Məhsulun böyük hissəsini həm rayon, həm də paytaxt bazarlarına göndərməyi planlaşdırırıq. Tələbat yüksək olduğundan satışda da problem gözləmirik. Hazırda bir kiloqramının qiyməti 1–1,50 manat civarında dəyişir. Kinkan bizim iqlimə yaxşı uyğunlaşıb, ona görə də illərdir bağlarımızda becəririk və hər mövsüm daha yaxşı nəticə əldə edirik”.
Digər bağ sahibi Elnarə Əliyeva isə bildirir ki, payızda yağan yağışlar və mülayim hava şəraiti ağacların yaxşı bar verməsinə səbəb olub. “Məhsulun bir hissəsini yerində satırıq, qalanını isə özümüz bazara çıxarırıq. Alıcı çoxdur, çünki Astaranın kinkanı dadına və ətrinə görə seçilir. Qiymətlər hələlik stabil olsa da, bayram ərəfəsində arta bilər. Gələn il əkin sahəsini bir az da genişləndirməyi düşünürük. Çünki hər mövsüm kinkana olan maraq artır və biz də buna uyğun olaraq istehsalı artırmağa çalışırıq” , - deyə bağ sahibi əlavə edir.
Kinkanın faydasına gəlincə, ondan bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirlidir. Eyni zamanda, qan təzyiqi yüksək olan insanlar tərəfindən daha çox istehlak edilir. Bu kiçik meyvənin böyük faydalarından biri də immuniteti gücləndirməsidir. Kinkan orqanizmin müdafiə sistemini möhkəmləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
Astarada əsasən fərdi təsərrüfatlarda becərilən kinkan meyvəsinin vətəni Cənub-Şərqi Çin və Hind-Çindir. Bu meyvə ölkəmizdə isə yalnız subtropik iqlimə malik cənub bölgəsində yetişdirilir.
Qeyd edək ki, Astara rayonunda, ümumilikdə, 108 hektar kinkan bağı mövcuddur. Keçən il bu bağlardan hər hektara 73 sentner məhsul yığılıb. (Azərtac)














