Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC 1 kiloqram baramanın fermelərdən alış qiymətini 4 manatdan 5 manata qaldırıb.
Eləcə də bax: Barama subsidiyasının məbləği - ARTIRILIB
FED.az xəbər verir ki, bu barədə Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində bildirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, barama istehsalı ilə məşğul olan 50-yaxın kümçü iştirak edib.
Tədbirdə Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar”.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, aidiyyatı strukturların rəhbərləri, Barama Şurasının üzvləri, müxtəlif rayonlardan olan kümçülər ölkədə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili, modul kümxanaların yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, kümçüləri maraqlandırılan suallar cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb.