Azərbaycanda bütün ölkə üzrə yığılan xurmanın yaxın günlərdə soyuducu anbarlara qəbuluna başlanılacaq.
Azərbaycan bu il xaricə 34 milyon dollarlıq xurma ixrac edib
FED.az xəbər verir ki, bunu "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə xurmanın məhsuldarlığı yüksək olsa da, əsas ixrac bazarı sayılan Rusiyada iqtisadi vəziyyətin pisləşməsi satışa mənfi təsir edir: "Bu il Rusiya bazarında xurmanın qiyməti əvvəlki illə müqayisədə 30-40 % aşağıdır. Bunun əsas səbəbi alıcılıq qabiliyyətinin zəifləməsidir. Yəni, insanlar əvvəlki kimi alış-veriş edə bilmir, buna görə də xurma da digər kənd təsərrüfatı məhsulları kimi ucuzlaşıb".
Son nəticədə Azərbaycanın xurma ixraçatçıları Türkiyə bazarına yönəliblər. Q.Yusifovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əldə olunmuş yeni ticarət razılaşması xurma ixracatçıları üçün mühüm imkanlar yaradıb: "İki ölkə arasında bağlanan sazişə əsasən, 15 adda məhsul gömrük rüsumundan azad şəkildə ticarət oluna bilər. Əvvəlcə bu siyahıya xurma daxil edilməmişdi. Lakin Assosyasiya sədri olaraq İqtisadiyyat Nazirliyinə müraciət etdim. Azərbaycan tərəfi məsələyə müdaxilə edərək, müvafiq orqanlarla birgə işi nəticəsində xurmanın da həmin siyahıya salınmasına nail olub. Nəticədə Azərbaycan xurması Türkiyəyə əlavə dəyər vergisi (ƏDV) ödənilmədən ixrac olunur. Bu, həm məhsulun rəqabət qabiliyyətini artırır, həm də ixracatçılar üçün yeni bazar imkanları yaradır".
Bununla belə, onun sözlərinə görə, xurma ixracı yalnız Türkiyə ilə məhdudlaşmır: "Hazırda məhsul Ukrayna və Belarus bazarlarına da göndərilir. Bundan əlavə, ərəb və bəzi Avropa ölkələrinə də xurma ixracı nəzərdə tutulur. Yaxın illərdə Azərbaycan xurmasının ixrac coğrafiyası daha da genişlənəcək".
Azərbaycanda xurma 20-dən çox rayonda, o cümlədən Göyçay, Ağdaş, Tərtər və Zaqatalada yetişdirilir. Göyçay və Ağdaş ölkənin "xurma paytaxtları" sayılır. (Report)












