Azərbaycanda 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1054669,3 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Azərbaycanda buğda istehsalı azalır - XARİCDƏN İDXAL ARTIR
FED.az Dövlət Statistikası Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, səpin aparılmış sahənin 98,7%-ni və yaxud 1041147,5 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646224,3 hektarı buğda, 394763,2 hektarı arpa, 160,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (57337,0 ha), Füzuli (34751,0 ha), Şəki (32940,8 ha), Şamaxı (30098,1 ha), Ağcabədi (23518,2 ha), İsmayıllı (23076,0 ha) və Hacıqabul (20856,6 ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (32497,9 ha), Şəki (31632,0 ha), Neftçala (27050,0 ha), Biləsuvar (26005,3 ha), Ağsu (18560,2 ha), Goranboy (15027,5 ha) və Füzuli (14354,0 ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5%, o cümlədən buğdanın səpin sahəsi 7,3% artıb, arpanın səpin sahəsi 4,6% azalıb.