Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Təhsil, Elm, Tədqiqat və Dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant layihələri çərçivəsində fındıq qərzəyindən üzvi gübrə kimi istifadənin perspektivləri araşdırılıb.
Eləcə də bax: Rusiya gübrələrin ixracına məhdudiyyətləri bu tarixədək - UZADIR
FED.az xəbər verir ki, bu barədə layihə rəhbəri Altay Dəmirzadə məlumat verib.
Onun sözlərinə görə, ilkin olaraq, məhsul yığımı zamanı yaranan və tullantıya atılan fındıq qərzəyini orqanik növ gübrəyə çevirə bilmək potensialı araşdırılıb: “Avqust-sentyabr aylarında fındıq yığımı zamanı meyvənin üzərində olan yaşıl qərzək tullantıya çevrilir. Bar verən bağlarda ümumilikdə yığılan məhsulun miqdarına nəzər saldıqda, ilkin hesablamalara görə, bu, hər il min tonlarla fındıq qərzəyi deməkdir. Əgər, biz bu qərzəyin laboratoriya şəraitində üzvi gübrəyə çevrilməsini təmin edə bilsək, il ərzində yüz tonlarla orqanik gübrə ala bilərik. Əldə olunacaq yeni növ məhsul, yəni gübrə orqanik olduğu üçün əkin və bag sahələrinin becərilməsində xüsusilə faydalı sayıla bilər”.
Fındıqçılıq rayonlarında araşdırma zamanı məlum olub ki, bağlardan məhsul yığıldıqdan sonra xüsusi texnikalarla sürətli formada qərzəkdən təmizlənir. Yerdə qalan fındıq qərzəyi isə əksər hallarda yandırılaraq, məhv edilir. Altay Dəmirzadə bildirib ki, hər il min tonlarla qərzək tullantısı yarandığını və bütün bu tullantının yandırılaraq məhv edildiyini nəzərə alsaq, bu məsələ ekoloji cəhətdən də ətraf mühitə mənfi təsir edir. Halbuki alınan qərzək tullantısını toplayaraq, istehsal prosesinə cəlb etmək olar. Bununla da, ilk növbədə, fermerlər və həyətyanı sahədən məhsul toplayan insanlar qərzəyi gərəksiz yerə yandırmadan, daha faydalı bir iş üçün yönəldə bilərlər. Digər tərəfdən, ətraf aləm ekoloji ziyan yaradan tüstüdən və gərəksiz tullantılardan azad olar.
Hazırda layihə yekunlaşmaq üzrədir. Qərzək tullantısından üzvi gübrənin müxtəlif bitkilər altında sınağı da planlaşdırlır. Nəticələr uğurla tamamlanarsa, qarşıdakı illərdə fındıq qərzəyinin üzvi gübrə kimi istehsalı həyata keçirilə bilər.
Altay Dəmirzadə qeyd edib ki, layihənin tədqiqat mərhələsində fındıqçılıq üzrə ixtisaslaşmış Qəbələ, Zaqatala və Xaçmaz rayonlarına səfərlər çərçivəsində yerli sakinlər, böyük fermer təsərrüfatı sahibləri ilə aparılan müzakirələr, insanların layihəyə olan marağı bu işin fındıqçılıq bölgələri üçün faydalı ola biləcəyinə ümid yaradır. Digər tərəfdən, torpaq münbitlyinin qorunması və dayanıqlı istifadəsinə böyük töhfə verə bilər. (Azərtac)