Azərbaycanda fermerlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən uçotların aparılması imkanı yaradılacaq.
Eləcə də bax: AKİA ötən il texnika və heyvan alışı üçün 97 milyon manat - KREDİT VERİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ artıq plana daxildir və onun üzərində müvafiq işlər aparılır.
"Hər bir fermer maliyyə dayanıqlığı göstərmək üçün bu sistem üzərindən uçotlarını apara biləcək ki, biz də öz növbəmizdə, müəyyən imtiyazlar vasitəsilə onları bu prosesə sövq etmək niyyətindəyik. Fermerlər elektron qaydada sistemə illik dövriyyələri, gəlirləri, xərcləri və s. məlumatları daxil edə biləcəklər ki, bu da onların kreditlərə çıxışlarını asanlaşdıracaq. Hazırda əksər fermerlərin hesabatlılığı yoxdur. Banklar da kreditləşmə zamanı girov tələb edir. Lakin uçot sisteminin tətbiqi ilə fermerlərin kreditlərə çıxışı etibarlıq əsasında formalaşacaq", - deyə P. İlyasov qeyd edib.
O həmçinin əlavə edib ki, uçotun aparılması müəyyən statistikaların, proqnozların əldə olunmasına imkan yaradacaq: "Gələcəkdə bu sistemlərin Dövlət Vergi Xidmətinin və digər qurumların sistemləri ilə inteqrasiyası, fermerlərin bu prosesdə yaxından iştirakına şərait yaradılacaq".