Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Pakistan İslam Respublikasından Azərbaycana yeni gətirilmiş çəltik sort nümunələrinin təqdimat mərasimi keçirilib.
Azərbaycanda ilk dəfə sertikatlı - Çəltik Toxumu Alınıb
FED.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, Azərbaycan Çəltikçilik Assosiasiyasının üzvləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Qeyd olunub ki, son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması istiqamətində tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi kompleks tədbirlər həyata keçirilib.
Məlumat verilib ki, ötən il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edib. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. 2022-ci ildə respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub.
Daha sonra Pakistan İslam Respublikasından ölkəmizə yeni gətirilmiş “KS-282”, “KSK-133”, “PK-383” və “Chenab Basmati” çəltik sortlarının təqdimatı keçirilib. Bildirilib ki, tezyetişən, məhsuldar olan yeni sortların vegetasiya müddəti 100-110 gündür. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6.7 mm olmaqla məhsuldarlığı 10t/ha təşkil edir. Sortların xəstəliklərə qarşı davamlılığı yüksəkdir.