Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrə istehsalı üzrə ixtisaslaşmış Azərbaycan və Türkiyə kapitallı "AzAgromila" MMC fabriki fəaliyyətə başlayır.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında fabrikin Baş icraçı direktoru Ramazan Karaşahin bildirib.
Eləcə də bax: Azərbaycanda kanalizasiya tullantısından - GÜBRƏ İSTEHSAL EDİLƏCƏK
Onun sözlərinə görə, məqsəd orqanik mineral tərkibli gübrələrin istehsalı ilə məşğul olmaqdır: "İkinci mərhələdə isə biopestisidlərin istehsalı nəzərdə tutulur. Artıq orqanik mineral gübrələrin istehsalına tam başlanılıb. Hazırda fabrikdə 42 adda məhsul istehsal edilir. Fabrikin tikintisinə yatırılan sərmayə 1 mln manat təşkil edir. İlkin mərhələdə fabrikin illik gücü 6 min ton təşkil edir. Gələcəkdə bu göstəricini 9 min tona çatdırmağa çalışacağıq".
O əlavə edib ki, Azərbaycan bazarını tam araşdırmışıq: "Bu fabrik Azərbaycan bazarının 50%-ni, tam həcmdə fəaliyyət göstərdiyi təqdirdə isə 70%-ni təmin etmək potensialına malikdir. Lakin Azərbaycanda gübrə istehsalı üzrə bazarın böyük bir qismini idxal edilmiş məhsul tutur. Məqsədimiz Azərbaycan bazarı ilə yanaşı digər ölkələrin bazarlarına daxil olmaqdır. Bu istiqamətdə Türkmənistan və Özbəkistan ilə danışıqlar aparılır. 2020-ci ildə 1000 ton əhatəsində ixrac hədəfləyirik".
O vurğulayıb ki, xammal Rusiya, Türkiyədən və Qazaxıstandan gətirilir: "Çindən gətirilməsi ilə bağlı hazırda danışıqlar aparılır".
Xatırladaq ki, buranın istehsal etdiyi məhsullar Avropa Birliyində akkreditasiya olunmuş "Ekotar" Təşkilatı tərəfindən patentləşdirilib.