Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu (TETİ) ilə “AqriBioEkoTex” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildiriblər ki, müqaviləyə əsasən, faydalı bakteriyalar və göbələklər vasitəsi ilə respublikada becərilən tərəvəz, bostan və kartof bitkilərinə dair birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, innovasiya yönümlü metodların tətbiqi ilə ekoloji cəhətdən təmiz və səmərəli şəkildə istehsal edilən məhsullarla ölkədə ərzaq bazarının təmin olunmasına dəstək verilməsi, fermerlərə ekoloji cəhətdən səmərəli əkinçilik texnologiyalarının hazırlanıb təklif olunmasında əməkdaşlıq həyata keçiriləcək.
Eləcə də bax: Gübrələrin güzəştli səyyar - SATIŞI BAŞLAYIR
“AqriBioEkoTex” MMC-nin rəhbəri Əlibala Əlizadə bildirib ki, zəhərlənmiş torpaqların bərpası və ekoloji cəhətdən səmərəli kənd təsərrüfat məhsullarının becərilməsi üçün sənaye miqyasında faydalı mikroorqanizmlərin becərilməsinin elmi cəhətdən əsaslandırılmasında iştirak edilməsi, birgə təlim, seminar və elmi-praktik konfransların həyata keçirilməsi mühüm Dövlət proqramlarında, Strateji Yol xəritələrində əksini tapmış tələblərdir.
Qeyd olunub ki, “AqroBioEkoTex” MMC-nin istehsal etdiyi bioloji aktiv məhsullar və bioməhsulların institutun təcrübə sahələrində tətbiqi, eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün müasir biotexnologiyanın institutun müvafiq laboratoriyasında tətbiqinin həyata keçirilməsi təmin olunacaq.
Daha sonra institutun əməkdaşları üçün sahə nümayişi keçirilib, biohumus istehsalı, habelə xüsusi mikrobioloji preparatlardan istifadə edərək hər növ heyvan, quş peyinlərindən və kanalizasiya tullantısını fermentasiya etməklə gübrə istehsalı qaydaları nümayiş olunub.