Azərbaycanın şərab zavodlarının və anbarlardakı böyük məhsul qalıqlarının «bəxti açılıb».
FED.az xəbər verir ki, uzunmüddətli durğunluqdan sonra Azərbaycn istehsalı olan şərab məhsulları tədricən də olsa satılmağa başlayıb.
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2023-cü ilin yanvar-sentyabr aylarında, yəni ilk 9 ayında ölkədə 865 min dekalitr, yəni 8 milyon 650 min deka litr şərab istehsal edilib.
Ötən ili zərər edən şərab zavodunun - SƏDRİ DƏYİŞDİRİLDİ
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 168 min dekalitr və ya 24% artıqdır – ötən ilin 9 ayında ölkədə 697 min dekalitr şərab istehsal edilmişdi. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi bu artımın 42% olduğunu iddia edir, amma sadə hesablamalar 24% olduğunu göstərir.
Azərbaycanın şərab zavodunun dövlətə 700 min manata yaxın - Vergi Borcu Var
Amma şərab istehsalı sektorunda əsas problem istehsal deyil – istehsal edilmiş məhsulun satışıdır.
Uzun müddətdir ki, Azərbaycanda şərab məhsullarının anbarlardakı həcmi ölkənin illik şərab istehsalını üstələyirdi. Elə indi də, 9 ayda 865 min dekalitr şərab istehsal edilsə də, anbarlarda bundan artıq – 873 min dekalitr şərab qalıb.
İlin əvvəlində isə bu göstərici 902 min dekalitr idi.
Amma son aylar, daha dəqiqi 2022-ci ildən vəziyyət nisbətən yaxşılığa doğru dəyişməyə başlayıb.
2022-ci ildə ilk dəfə olaraq Azərbaycanın xaricə ixrac etdiyi şərabın həcmi 200 min dekalitri keçib, bundan gələn gəlirlər isə ilk dəfə 5milyon dollardan artıq olub.
DSK-nin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 5 milyon 235 min dollar olan 230 min dekalitr şərab ixrac edilib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan xaricə ümumi dəyəri 3,5 milyon dollar olan 144 min dekalitr şərab ixrac etmişdi.
2020-ci ildə şərab ixracı 156 min dekalitr, ondan gələn gəlir isə 3,6 milyon dollar olmuşdu. 2023-cü ildə isə şərab ixracının daha da artacağı və onun ixracından 6 milyon dollar gəlir gələcəyi gözlənilir.
Belə ki, DSK-nin məlumatına görə, 2023-cü ilin ilk 8 ayında Azərbaycandan xaricə 184 min dekalitr şərab ixrac edilib, ümumi dəyəri 4,2milyon dollar olub.
Müqayisə üçün bildirək ki, bu 2022-ci ilin 8 ayı ilə müqayisədə az qala 2 dəfə artıqdır. Belə ki, ötən ilin yanvar-avqustunda xaricə 103 min dekalitr şərab satılmış, ondan gələn gəlirlər isə 2,4 milyon dollar olmuşdu.
Rusiya bazarında Azərbaycan şərabına «yaşıl işıq»
Rəsmi statistika təsdiqləyir ki, Azərbaycan şərabının böyük hissəsi Rusiya bazarına axır, ümumiyyətlə müşahidə olunan artım da elə bu bazarın hesabına baş verir.
Belə ki, 2022-ci ildə Azərbaycandan Rusiyaya ümumi dəyəri 4,4 milyon dollar olan 207 min dekalitr şərab ixrac edilib. Başqa sözlə, xaricə ixrac olunan şərabın və ondan gələn gəlirin 90%-i Rusiyanın payına düşür.
2021-ci illə müqayisədə bu ölkəyə satılan şərabın həcmi kəskin artıb. Belə ki, əvvəlki il Rusiyaya 103 min dekalitr şərab satılmışdı, gəlirlər isə 2,1 milyon dollar idi. Başqa sözlə, Rusiyaya satılan şərabın həcmi 2 dəfə artıb.
Eyni proses bu il də davam edir. 2023-cü ilin ilk 8 ayında Azərbaycandan Rusiyaya 155 min dekalitr şərab satılıb – ümumi dəyəri 3,2 milyon dollar olub.
Bu 2022-ci ilin eyni dövrünə nisbətən 50% artıqdır, belə ki, 2022-ci ilin yanvar-avqustunda Azərbayandan Rusiyaya ümumi dəyəri 2 milyon dollar olan 89 min dekalitr şərab satılmışdı.
Rəsmi rəqəmlərə görə, Rusiyaya satılan şərabın qiyməti bir qədər azalıb – ötən il şərabın 1 litri 2,2 dollara ixrac edilirdisə, bu il həmin rəqəm 2 dollara düşüb.