Bu il Azərbaycanda bal istehsalı ötən ilə nisbətən təxminən 16% və ya 1 min tona yaxın artıb.
Eləcə də bax: Assosiasiya sədri: "Tinglər subsidiyalaşdırılsa, narçılıq daha çox inkişaf edər"
FED.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, əgər ötən il istehsal həcmi 6 min tona çatırdısa, bu il artıq bu rəqəm 7 min tona yaxınlaşır.
"Bala olan daxili tələbata gəldikdə, onu demək olar ki, əgər 5 il əvvəl illik tələbat 5 min ton idisə, son illər bu rəqəm 6 min tona yaxındır. Hesab edirəm, son bir ildə tələbatda kəskin artım pandemiya ilə bağlıdır ki, insanlar bu məhsula daha meylli olublar. Bildiyiniz kimi, arıçıların ili sentyabrda başlayır. Hazırda arıçılar artıq qışlanmaya start veriblər. Biz sentyabrdan arıları qışa hazırlamağa başlayırıq. Bunun üçün zəruri tədbirlər indidən görülür ki, gələn ilin məhsuldarlığı qənaətbəxş olsun", - deyə B. Həsrətov qeyd edib.
Arı ailələrin sayına gəldikdə, Assosiasiyanın sədri qeyd edib ki, ötən ilə nisbətdə bu il arı ailələrin sayə 50 min artaraq 550 minə çatdırılıb. (Apa)