Bu gün keçirilən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasıyasının VII Yığıncağında narçı fermerlərin problem və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları da iştirak edib.
Eləcə də bax: Fermerlər xarici bazarlara - Nar Çıxara Bilmirlər
FED.az xəbər verir ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasıyasının sədri Fərhad Qaraşov görüşdə alınan qərarlar, atılacaq addımlar barədə məlumat verib, narçılığın bu günkü problemlərini sadalayıb:
"Bu gün narçıların əsas problemlərindən biri Mil-Muğan Aran zonasındakı susuzluqdur. Kürdəmir, Saatlı, İmişli zonalarında, Göyçayın özündə fermerlər çox ciddi şəkildə susuzluqdan əziyyət çəkir. Dəfələrlə bununla bağlı lazımi instansiyalara müraciətlərimiz də olub. Bu gün də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bizim yığıncağa gəlmişdi. Onlara da şikayətlər bildirildi. Operativ qaydada müraciətlərimizə baxılır. Hazırda fermerlərə zəng vurub koordinatları, yəni hansı ərazidə hansı fermerin nə kimi probleminin olduğunu öyrənirlər. Fermerlər müxtəlif təşkilatlar qarşısında öhdəlik daşıyırlar. Su olmasa məhsul da olmur. Məhsul olmayanda isə fermer götürdüyü krediti ödəməyə çətinlik çəkir”.
Assosiasiya sədrinin sözlərinə görə ökəmizdə nar istehsalının az olmasının əsas səbəblərindən biri sertifikatsız tinglərin satılması və əkilməsidir:
“İllərlə onlara qulluq olunur, sonda isə fermerlərimiz normal məhsuldarlıq ala bilmir. Çox istəyərdik ki, seleksiya olunmuş və sertifikatlaşmış tinglər yayılsın. Bu da təbii ki, maliyyə məsələlərinə söykənir. Dövlətimiz tərəfindən tinglər üçün subsidiyalaşma mexanizmi olsaydı məncə narçılığı daha çox inkişaf etdirə bilərdik. Hələ bununla bağlı dövlətə müraciət etməmişik. Hazırda bu məsələnin üzərində işləyirik ki, onu layihə şəklinə salaq və bu layihənin reallaşmasının nə kimi faydalılıq əmsalı yarada biləcəyini təqdim edək. Burda söhbət seleksiya olunub sertifikatlaşmış tinglərin digər fermerlərə subsidiya vasitəsilə satılmasından gedir. Bu gün biz subsidiya alırıq. Deqradasiyaya məruz qalmış torpaqsahələrinə birdəfəlik 5 000 manat, intensiv bağlara 240 manat, ilk intensiv salınan bağlara isə təqribi 800 manata yaxın subsidiyalaşma həyata keçirilir. Amma ümumi götürəndə bu da fermerlər üçün kifayət etməyə bilir”.
F.Qaraşov fermerlərin maarifləndirilməsi istiqamətində işlərin görüldüyünü qeyd edib:
“Qarşıda duran digər məsələ fermerlərin maarifləndirilməsi və müasir innovativ üsullar tətbiq etməklə məhsuldarlığın alınmasıdır. Bizim xarici təcrübəyə əsaslanan mütəxəssislərimiz var. Onların vasitəsilə maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulur.
Bəzən fermerlər əvvəlcədən hazırlıqsız vəziyyətdə məhsulu konteynerlərə yükləyirlər. Bəzən də fermer və ya ixracatçı hər hansı gömrük prosedurlarını normativ qayda ilə həyata keçirmir, yaxud AQTA ilə bağlı bilmədən hər hansı problem yaranır və burda da dövlət orqanını günahlandırmağa başlayırlar. Əslində bu kimi məsələlərdə bir az obyektiv yanaşmaq lazımdır. Assosiasiya var, bu gün dövlət orqanlarının qaynar xətləri var, istənilən şikayət dinlənilir və məsələləri operativ qaydada həll etməyə çalışırıq. Bu gün xaricdəki müştərinin tələblərini yerinə yetirmək üçün yetərincə üzərində çalışmalı olduğumuz məsələlər var. Hazırda bununla bağlı yeddi rayonda ciddi təlimlər aparırıq və Avropa Birliyinin layihəsi icra olunur”.
“İxracatla bağlı elə bir ciddi problemimiz yoxdur. Hazırda Sabirabad zonasında istehsal olunan nar məhsulunun ixracına başlanılıb. Rusiya, Ukrayna kimi məhsul çıxardığımız bazarlar var. Artıq müştərilər regionlarda bağlara gedirlər, qiymətlər danışılır, ixracla bağlı lazımi söhbətlər aparılır”, - deyə Assosiasiya sədri əlavə edib. (Report)