Bu gün Azərbaycanda aqrar sektor inkişaf edir və xüsusən də bioloji təmiz məhsullar sahəsində ölkəmiz böyük potensiala malikdir. İxrac məhsullarımızın strukturuna baxsaq aqrar məhsulların payının ilbəil artdığını görərik.
Azərbaycanda kənd təsərrüfatı xərcləri 100 milyon manat artırılır
FED.az xəbər verir ki, bu sözləri “Gənc Aqrosahibkarlar” layihəsinin rəsmi açılış konfransında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O, qeyd edib ki, mayın 1-nə olan məlumata görə, Azərbaycanda biznes kreditləri 13,5 milyard manat təşkil edir.
“Bu kreditlərin 7,7 milyard manatı iri sahibkarlığa, 1,6 milyard manatı orta sahibkarlığa, 1,4 milyard manatı kiçik sahibkarlığa, 2,8 milyard manatı isə mikro sahibkarlığa verilib. Ötən bir ildə mikro sahibkarlığa verilən kreditlərin həcmi 700 milyon manatadək artıb. Kənd təsərrüfatına verilən kreditlərin ümumi həcmi isə 471,3 milyon manat təşkil edir. Bu kreditlərin 427 milyon manatı banklar, 44,7 milyon manatı isə qeyri-banklar tərəfindən verilib. Ölkəmizdə ümumi kredit portfelinin həcmi 25 milyard manatdan yuxarıdır və kənd təsərrüfatına verilən kreditlər bu portfeldə cəmi 1,6 faiz paya malikdir”, - deyə M.Musayev vurğulayıb.
M.Musayev əlavə edib ki, uzun müddətdir düşmən tapdağında qalan, baxımsız hala salınmış torpaqlara yenidən həyat qayıdır: “Qarabağ torpaqlarını əkib-becərmək, sağlam məhsullar yetişdirmək üçün aqrar ənənələrimizi davam etdirməliyik. Bunun üçün də gənc aqrar biznesmenlərin yetişdirilməsinə ehtiyacımız var”. (Azərtac)