“Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm yönümlü təsərrüfat sahələrinin genişləndirilməsi və aqroturların sayının artırılması nəzərdə tutulur.
Kənd yerlərində turist qəbul edən təsərrüfatlara - VERGİ GÜZƏŞTLƏRİ VERİLƏCƏK
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, hazırda aqroturlar Lənkəran, Lerik, Astara, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Kürdəmir əraziləri də daxil olmaqla ümumilikdə 15 rayonu əhatə edir. Turlarda təsərrüfatların potensialları və göstərdikləri xidmətlərlə yanaşı yerləşdikləri regionların mətbəxləri və digər maddi mədəniyyət nümunələri də əksini tapıb.
Layihənin məqsədi ölkədə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.