Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şabran və Quba rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98%-ni əhatə etmək gücündədir"
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən taxıl və meyvə bağlarında baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin və kənd təsərrüfatı heyvanlarının sığortalanması, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı olub. Eləcə də fermerlər arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı təkliflər veriblər.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.
Sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabran rayonunun Dəvəçi kəndindəki ərik və nektarin bağlarına baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbəri təsərrüfat sahiblərinə, fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.