"Bu il Azərbaycanda aqrar siğorya sahəsində təkmilləşdirmə ili olacaq".
Eləcə də bax: Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini - AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
O bildirib ki, artıq Azərbaycanda sabit aqrar sığorta sistemi var:
"Hazırda sistemdə olan boşluqların aradan qaldırılması və xidmət səviyyəsinin yüksəldilməsi üzərində çalışırıq. Məsələn, hüquqi-normativ bazada olan boşluqların doldurulması və elektron ödənişlərin həyata keçirilməsi üçün imkanlar yaratmaq əsas istiqamətimizdir. Sonraki planımız isə 2022-2023-cü illərdə qanunvericilikdə dəyişiklik edilməsi ilə sistemin əhatə dairəsinin genişləndirilməsidir".
F.Sadıqovun sözlərinə görə, qanun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına göndərilib: "Onların rəyindən sonra layihə Nazirlər Kabinetinə təqdim ediləcək. Həm idarəçilikdə, həm də Fondun fəaliyyət effektivliyinin artırılması istiqamətində qanunda müəyyən dəyişikliklər edilməlidir".
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta sistemini tətbiqi məqsədilə 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb.
2021-ci ildə Aqrar Sığorta Fondu idarəedici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC vasitəsilə təxminən 11 milyon manat sığorta haqqı yığıb. Hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsul təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və yaxud ümumi əkin sahələrinin 19 %-ni əhatə edib.