Bu ilin yanvar-may aylarında aqrar sahəyə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna müraciətlərin sayı 800-ü keçib.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
FED.az Fonda istinadən xəbər verir ki, müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi mayda qeydə alınıb.
Müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir. Ümumilikdə, müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu.
Əkin sahəsinə zərərlə bağlı müraciətlər Fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır.
Ötən il ümumi müraciətlərin 80 %-i taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il isə müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.
Aqrar Sığorta Fondu 41 bitki növü üzrə sığorta təminatı verir.