Bu ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu fermerlərə 4 milyon manatdan artıq ödəniş edib.
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98%-ni əhatə etmək gücündədir"
FED.az xəbər verir ki, bunu Fondun sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 2,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat təşkil edib.
Sədr həmçinin deyib ki, ötən il aqrar sığorta müqaviləsi bağlamış hər 100 nəfərdən 6-sı bunu könüllü müraciət əsasında edib: "Onları nə kredit təşkilatları yönəldib, nə də dövlətdən hər hansı dəstək alıblar. Artıq yazlıq əkin dövrü bitib və kifayət qədər sığorta müqaviləsi bağlanılıb",- deyə o qeyd edib.
Bundan başqa, F.Sadıqov qeyd edib ki, ölkədə taxıldan sonra ən çox pambıq əkilir: "Pambıq ərazilərinin 30 %-i sığortalanıb. Bu, eyni zamanda zərər ödənişlərinin artımına səbəb olur. 2023-cü ildə 950 min manat zərər ödənişi edilibsə, 2024-cü ildə bu rəqəm 1,2 milyon manata çatıb. Bu, bir ilkdir. Pambıq istehsalçıları ötən il gördükləri zərərlər hesabına dediyim məbləği alacaqlar. Onun 50 %-dən çoxu Ağcabədi, Ağdam və Tərtər rayonlarının, yəni Qarabağ iqtisadi rayonunun payına düşür". (Report)