Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarxı adlanan kanalın yenidən qurulması üzrə layihənin ikinci mərhələsi həyata keçirilir. Layihənin icrası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin sifarişi ilə “Tikinti-Quraşdırma ANTB” QSC tərəfindən yerinə yetirilir.
Eləcə də bax: İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kub metr - SU VURULUB
FED.az xəbər verir ki, mövcud Qazanarxı kanalının qurğularla birlikdə yenidən qurulması Ağsu şəhər, Ərəbuşağı, Ağabəyli, Aratlı-Curuqlu, Çaparlı, Rəhimli, Gəyəli, Bico, Qəşəd, Ləngəbiz, Daşdəmirbəyli kənd bələdiyyələrinin 5918 hektar, habelə Şamaxı rayonunun 1082 hektar, ümumilikdə, 7000 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsini suvarma suyu ilə təmin edəcək.
Hazırda Ağsu şəhərindən 2,6 kilometr şimalda Ağsuçayda işlər sürətlə davam etdirilir. Hidrotexniki qurğular üzrə mühəndis Vəli Abdullayev bildirib ki, indi burada baş sugötürücü qurğu inşa olunur. Su saniyədə 5 kub sugötürmə qabiliyyəti olan qurğudan 10,9 kilometr beton kanalla, 645 metr metal yığma dəmir boru ilə axacaq. Habelə 450 metr kanal Cavanşir gölünün qidalandırılmasını təmin edəcək.
Baş sugötürücü qurğular üzrə 11 şülüzün, sudurulducu qurğunun, lilötrücü kanalın, istiqamətləndirici 4 dambanın, səviyyəqaldırıcı, suaşıran qurğunun tikintisi başa çatıb. Ərazidə nəzarətçi məntəqənin də inşası yekunlaşıb. Ümumiyyətlə, baş sugötürücü qurğuda işlərin 90 faizi yekunlaşıb.
Qeyd edək ki, Qazanxana kanalının yenidən qurulması üzrə layihənin icrasında 45 nəfər işçi qüvvəsi, 20-yə yaxın müxtəlif təyinatlı texnika işləyir. Layihənin tam icrası 2023-cü ildə başa çatacaq.
© "Azərtac"