Muğanbank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığı uğurla davam etdirir. “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində pandemiya dövründən əvvəl Muğanbank və AYİB arasında imzalanmış texniki dəstəyə dair müqaviləyə əsasən proqramın birinci mərhələsi uğurla başa çatdırılaraq, artıq ikinci - aktiv mərhələyə start verilmişdir.
Bankdan FED.az-a daxil omuş məlumatda bildirilir ki, layihə çərçivəsində Muğanbank ASC ilə AYİB tərəfindən birgə seçilən xüsusi konsultant komanda - Business & Finance Consulting (BFC) – Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirir.
Bundan əlavə layihə çərçivəsində konsultant komandanın tövsiyələri əsasında müvafiq bank məhsullarının optimallaşdırılması, satış və marketinqinin təkmilləşdirilməsi, kredit personalının gücləndirilməsi kimi komponentlər icra ediləcəkdir.
Ümumilikdə 2019-cu ildə başlayan üç mərhələli transformasiya layihəsinə 2021-ci ilin İyul ayında yekun vurulması nəzərdə tutulur.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.