"Təşkilatlar dövlət satınalmaları ilə bağlı yeni siyasət müəyyən etməlidirlər"
FED.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, təşkilatlar dövlət satınalmaları ilə bağlı yeni siyasət müəyyən etməlidirlər:
"Məlum olduğu kimi, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni Qanun qüvvəyə minəcək. Hal hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub. Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edililb. Lakin qüvvədə olan Qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı".
Palata Sədri həmçinin qeyd edib ki, satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir: "Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni Qanunun tələbləri əsasında aparılacaqdır. Hesab edirik ki, yeni Qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyən etməli, planlaşdırma işlərinə vaxtında başlamalı və Qanunun tələblərinə ciddi riayət etməlidirlər".