Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin plenar iclasında çıxış edib.
FED.az xəbər verir ki, çıxışda dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı bəzi məqamlara toxunulub və tövsiyələr səsləndirilib: "Təşkilatlar üzrə planlaşdırma işinin keyfiyyətinə diqqətin artırılmasını təklif edirik. Təşkilatlar üzrə planlaşmanın keyfiyyətli yanaşmasının olmaması, icra prosesində dəyişikliklərin, o cümlədən yerdəyişmələrin artımına, satınalma prosedurlarının müvafiq qaydada aparılmamasına, büdcə intizamının aşağı olmasına səbəb olur".
Sədrin sözlərinə görə nəticəəsaslı büdcə islahatının genişləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi sahəsində gündəmdə olan məsələlərdəndir: "Büdcə layihəsində göründüyü kimi, yeni büdcə modelinin proqnozlaşdırılan xərclərinin ümumi büdcədə payı 16,4% nəzərdə tutulub. Aparılan təhlillər göstərir ki, yeni büdcə modelinin keçirildiyi dövr üçün gözlənilən nəticələrə tam nail olunmayıb. Hesab edirik ki, bu islahata sadə şəkildə tədbirlərin maliyyələşdirilməsinə imkan verən model kimi baxılmamalıdır. Sahə nazirlikləri bu islahatın fəlsəfəsini daha dərindən öyrənməyə çalışmalı, vəsaitlərin hədəflərlə uzlaşmasının təmin edilməsi sahəsində çağırışlara adekvat reaksiya verməlidirlər. Ümumiyyətlə nəticəəsaslı büdcənin həm hüquqi bazası üzrə işlərin sürətləndirilməsini, həm də büdcə təqviminin yenilənməsini vacib hesab edirik".