“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: “Akkord”un şirkətinin 358 258 manat - Vergi Borcu Var
FED.az xəbər verir ki, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir.
Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.
Şirkət 2010–cu ildən başlayaraq bir sıra rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti – quraşdırma işlərini həyata keçirir.
Eyni zamanda şirkətlər qrupuna daxil olan “Akkord Tekstil” MMC-nin 103 400.06 manat, “Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.
Bundan başqa, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.
Sözgedən maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Porsesə hakim Vüsal Qurbanov sədrlik edəcək.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur. (Qafqazinfo)