Banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi əhalinin banklardakı əmanətlərinin həcmində azalmaya səbəb olub.
"Gəlirin vergiyə cəlb olunması belə əmanət faizlərinin artırılmasına əhəmiyyətli təsir etməyib"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, 2021-ci ilin avqust ayından sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb: “Mərkəzi Bankın məlumatına əsasən, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb”.
Deputat vurğulayıb ki, bu, ötən ay ərzində əhalinin əmanətlərinin 27 milyon manat azalması deməkdir: “Əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub”.
Millət vəkili qeyd edib ki, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir: “Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var”.