2025-ci ildə Azərbaycanda vergi və gömrük sahəsində bəzi yeniliklər gözlənilir.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin və iqtisadi proqnozların ilkin vəziyyətini açıqlayıb.
Yeniliklərə əsasən gələn il vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır.
Bu sahələrdə həyata keçiriləcək əsas işlər aşağıdakılardır:
I. İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi.
II. Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi;
III. Vergi və gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi;
IV. Dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi.