Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatına dair yeni fəsil (54-1) daxil edilməsi təklif olunur.
"Prezident təyin etdiyi vəzifəli şəxslərə yaş həddi şamil edilmir"
FED.az xəbər verir ki, Milli Məclisdə bu gün müzakirəyə çıxarılan layihəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.
Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələr ödənilir. Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası verilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası dövlət büdcəsinin vəsaiti hesabına "Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Vergi orqanlarında çalışan digər vəzifəli şəxslər "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunurlar.
Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanının vəzifəli şəxslərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Vergi orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar çoxnövbəli iş rejimi müəyyən edilə bilər
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.