Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
FED.az xəbər verir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən, hüquqi şəxslərə ödənilən kompensasiya vergidən azaddır.
Bununla əlaqədar Vergi Məcəlləsində müvafiq dəyişiklik təklif olunur. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Dəyişikliyə əsasən, artıq bu maddənin tələbi fiziki şəxslərə şamil edilir. Beləliklə, notarius məhz fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergini tutmağa borcludur.
Hazırda Vergi Məcəlləsinə (218.4.5-ci maddə) əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Dəyişikliyə əsasən, bu maddə də konkret fiziki şəxslərə şamil olunacaq. Beləliklə, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləri olacaq.
Qanun layihəsi Dünya Bankının “Doung Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədi ilə hazırlanıb və ölkəmizin “Doung Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. (Apa)