Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib. Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq olunan güzəştlərin də bu siyahıya daxil olduğunu, aqrar sektorun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.
Bununla yanaşı, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, qanunvericiliyin tələbinə görə siyahı üzrə təsdiq edilən yem və yem əlavələrinin birbaşa heyvandarlıq və quşçuluq təsərrüfatlarına satışı zamanı ƏDV-dən azadolma tətbiq edilirdi. Vergi qanunvericiliyində yeni dəyişikliyə əsasən, həmin məhsulların idxalçıları və ya istehsalçıları tərəfindən belə məhsulların topdansatış qaydasında istənilən mərhələsində satışı ƏDV-dən azad olunur. Beləliklə, güzəşt üzrə ƏDV azadolmasının tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, bir sıra digər istiqamətlər üzrə müddəti bitən güzəştlər daha 3 il uzadılıb. Belə ki, Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin artırılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştlərinin müddəti artırılıb. Həmçinin təsdiq edilən siyahı üzrə dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti uzadılıb. Eləcə də, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətləri də artırılıb. Əlavə olaraq bu güzəştin təsdiq edilən siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların, o cümlədən “Qarabağ Dirçəliş Fondu”, “Yaşat Fondu”, “Heydər Əliyev Fondu”nun vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə də şamil edilməsi nəzərdə tutulur.