"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq, 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur.
FED.az xəbər verir ki, Vergilər Nazirliyi bildirir ki, Vergi Məcəlləsinə uyğun olaraq, müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs qanunla müəyyən olunmuş vergiləri, habelə digər icbari ödənişləri tam həcmdə və vaxtında ödəməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır.
Vergi orqanları ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq və vergilərin tam həcmdə və vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi nəzarəti tədbirləri keçirmək hüququna malikdir.
Vergi orqanları digər dövlət orqanları və banklarla birlikdə öz səlahiyyətləri daxilində nağd qaydada valyuta mübadiləsi əməliyyatı aparan şəxslərin iştirakı ilə müvafiq araşdırmalar həyata keçirərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların vergiyə cəlb olunmasını təmin edir, valyuta mübadiləsi əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyi və vergilənməsi barədə müvafiq məlumatların əldə edilməsi mümkün olmadığı halda, əməliyyatda cinayət əlamətlərinin olması hallarının araşdırılması üçün aidiyyəti orqanlara müraciət edir.
Xatırladırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur.