"Bu gün dünyada vergi sistemləri yalnız dövlətin maliyyə mənbələrini toplamaqla kifayətlənmir. Onlar həmçinin iqtisadiyyatı dəstəkləyir, ədalətliliyi təmin edir və biznesin inkişafına şərait yaradır.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənməsini təmin etmək əsas məqsədlərimizdəndir.
O qeyd edib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası” hazırlanıb. Bu strategiya bizim yaxın gələcəkdə missiyamızı, dəyərlərimizi, gələcəyə baxışımızı və strateji fəaliyyət istiqamətlərimizi müəyyən edir. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.
"Bu istiqamətdə əsas fəaliyyətimiz güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişaf olacaq. Əsas missiya olaraq ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək üçün vergilərin effektivliyə və dürüstlüyə əsaslanan prinsiplərlə tam və vaxtında yığılması, “kölgə iqtisadiyyatı” ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsinə çalışacağıq", deyə Orxan Nəzərli əlavə edib.