Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim olunub. Çoxlarını narahat edən dəyişikliklərdən biri mikro sahibkarlıq subyektlərinə vergi güzəşti ilə bağlıdır.
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
FED.az xəbər verir ki, Vergi üzrə mütəxəssis Teymur İslamlı bildirib ki, dəyişiklik təsdiq olunarsa qurunun oduna yaş da yanacaq, bir sıra sahibkarlar əziyyət çəkəcəklər:
"Belə ki, Məcəllənin 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinin (mənfəətlərinin) 75 faizi gəlir və xərclərin uçotunun aparılması şərti ilə vergidən azaddır. Növbəti ildən qeyd edilən maddələrə bir şərt daha əlavə olunacaq. Belə ki, 75 faiz güzəştin tətbiq edilməsi üçün "mikro sahibkarların" orta aylıq işçi sayının 3 nəfərdən az olmaması nəzərdə tutulur. Dəyişikliyə rəvac verən səbəb bəllidir - bir sıra vergi ödəyiciləri "mikro sahibkarlar" vasitəsilə "xərc yaradaraq" mənfəətlərini, beləliklə də mənfəət vergilərini minimallaşdırırlar. Amma dəyişiklik bu formada təsdiq olunarsa qurunun oduna yaş da yanacaq. Bir sıra sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar əziyyət çəkəcəklər. Məsələn, işçi cəlb etmədən və ya 1-2 nəfər işçi ilə İT, dizayn, təlim xidmətləri göstərən şəxslər el arasında "5 faiz" vergisi deyilən anlayışla vidalaşıb gəlir (mənfəət) vergilərini güzəşt tətbiq edilmədən birbaşa 20 faiz dərəcə ilə ödəyəcəklər. Çıxış yolu olaraq isə həmin şəxslər əlavə işçi işə götürəcəklər, arvad-uşağın, dost-tanışın "adına" əmək müqaviləsi yazacaqlar. 2024-də "Ötən illə müqayisədə əmək müqavilələrinin sayı kəskin artıb" məzmunlu xəbərlər oxusanız təəccüb etməyin".
Qeyd edək ki, dəyişikliyin, yeni fəaliyyətə başlayanlar üçün də çətin vəziyyət yarada biləcəyi qeyd olunur. Biznesin ilk aylarında gəlir əldə etməyən sahibkarlar azı 3 nəfər işçi üçün vergi, DSMF, icbari tibbi sığorta, işsizlik üzrə ödənişləri də həyata keçirməli olacaqlar. (Marja)