Dövlət Gömrük Komitəsi külli miqdarda gömrük ödənişlərindən yayınma cəhdinin qarşısını aldığın açıqlayıb.
Komitədən FED.az-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb.
Belə ki, Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən ölkəyə gətirilərək bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.
Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116 000 (yüz on altı min) ədəd göstərilsədə, faktiki olaraq 10 dəfə artıq, yəni 1 160 000 (bir milyon yüz altmış min) ədəd olduğu üzə çıxıb. “Elektron siqaretlər” 1720 ədəd göstərilsə də, faktiki olaraq 7 884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib.
Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib.
Komitə sözügedən vətəndaşla bağlı hansı tədbir görüldüyünü açıqlamayıb.