Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda kollegiya iclası keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a verilən məlumata görə, Gömrük Komitəsində onlayn formatda keçirilən kollegiya iclasında çıxış edən komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilk olaraq gömrük əməkdaşlarını 30 yanvar peşə bayramı günü münasibətilə təbrik edib.
Komitə sədri son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük xidmətinin də sürətlə inkişaf etdiyini, innovativ layihələrin tətbiqi hesabına fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin səmərəli təşkili, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, xidmətlərin əlçatanlığının və xüsusilə şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Sonra kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr” barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib. İ.Hüseynov bildirib ki, COVID-19 pandemiyasının iqtisadiyyatda yaratdığı qlobal problemlərə baxmayaraq gömrük orqanlarının fəaliyyətini səmərəli şəkildə qurması nəticəsində büdcə öhdəliyinin yerinə yetirilməsi, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, hüquqpozmaların qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Komitə sədrinin birinci müavini qeyd edib ki, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsi 2020-ci il üzrə nəzərdə tutulan 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib və bununla da büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.
2019-cu ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin ölkəmizin ixrac potensialının artırılmasında, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsində xüsusi rol oynadığını vurğulayan İ.Hüseynov indiyə qədər 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verildiyini bildirib.
İ.Hüseynov 2020-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18913 hüquqpozma faktının aşkar edildiyini bildirib.
O da vurğulanıb ki, hesabat dövrü ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub. Ümumilikdə, 1 ton 490 kiloqram 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 96 faizini daha təhlükəli narkotik vasitə - heroin təşkil edir.
Qeyd olunub ki, 2020-ci ildə informasiya texnologiyalarının tətbiqi hesabına reallaşdırılan “Smart customs”, “E-customs” kimi layihələr gömrük xidmətlərinin əlçatanlığının, vətəndaş məmnuniyyətinin yüksəlməsinə, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, xarici ticarət iştirakçıları üçün daha münbit biznes mühitinin formalaşmasına öz töhfəsini verib.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhhət Həbibbəyli, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Təyyar İbrahimov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Bundan başqa, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci il üçün İş Planı” təsdiq olunub.
İclasdan sonra peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki S.Mehdiyev Vətən müharibəsində iştirak edən gömrükçü qazilərlə görüşüb. Görüşün əvvəlində Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazilər qarşısında çıxış edən S.Mehdiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılan zəfər kimi yadda qalacaq. Komitə sədri diqqətə çatdırıb ki, 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaqgörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir.
S.Mehdiyev bildirib ki, Vətən müharibəsində iştirak edən gömrükçü qazilər daim Azərbaycan gömrük xidmətinin qürur mənbəyidir və onların keçdiyi şərəfli döyüş yolu həmkarlarına nümunədir. Vurğulanıb ki, qazilərin sağlamlıq, məişət problemləri daim diqqətdə saxlanılacaq, onların hərtərəfli qayğı ilə əhatə olunması üçün bütün zəruri addımlar atılacaq.
Görüş zamanı döyüşlərdə iştirak edən gömrükçü qazilər xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.
Qeyd edək ki, Vətən müharibəsində 60 nəfər gömrükçü iştirak edib və bir gömrük əməkdaşı Ülvi Hacıyev şəhidlik zirvəsinə ucalıb.